REGİONLAR
Qəbələdə tibbi müayinədən keçənlərin 592 nəfərinə ambulator müalicə təyin edilib
Qəbələ, 7 mart, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Qəbələ rayonunda da mütəşəkkil qaydada davam edir. Fevralın 12-də başlanan aksiya çərçivəsində bu günədək 8 min 500 nəfərdən çox rayon sakini tibbi müayinədən keçib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Soltanova məlumat verib.
Qurumun təmsilçisi bildirib ki, aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 74 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulur. Müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında həyata keçirilir. İlk növbədə, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan işçilər müayinə olunurlar. Martın 1-dən qəsəbə və kəndlərdə yaşayan əhali də aksiyaya qoşulub.
İndiyədək müayinə olunanların 592 nəfər ambulator, 88 nəfər isə stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 43 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilib, 31 xəstə üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.