Qədim Gəncəni artilleriya atəşinə tutan düşmən yerli sakinləri qorxuda bilməz – erməni vandalizmi AZƏRTAC-ın fotolarında VİDEO


































































































Gəncə, 4 oktyabr, R.Hacıyev, M.Əlioğlu, AZƏRTAC
Düşmənin Gəncə şəhərini Ermənistan ərazisindən artilleriya atəşinə tutması nəticəsində dinc əhalinin evlərini və tarixi abidələrimizi hədəfə alması erməni barbarlığının sübutudur. Beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr dövlətləri, dünya ölkələri bu vandalizm aktına göz yummamalıdırlar. Düşmən Gəncə əhalisini artilleriya atəşi ilə qorxutmaq istəsə də, bu məqsədlərinə çatmayacaq. Hər bir gəncəli öz ölkəsinin bütövlüyünü bərpa etmək üçün əlində silah döyüşə atılmağa hazırdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Gəncə sakinləri Surxay Cəfərov, Ələsgər İskəndərov və Tural İbrahimov deyiblər.
Səhər saatlarında şəhərin Əziz Əliyev prospekti tərəfdən güclü partlayış səsləri eşitdiklərini bildirən həmsöhbətlərimiz dərhal həmin əraziyə gəldiklərini və mülki əhalinin evlərinin, tarixi tikililərin artilleriya atəşinə məruz qaldıqlarını görüblər. Surxay Cəfərov deyib: “Erməni hərbçiləri Gəncəni atəşə tutmaqla özlərinin çarəsizliyini nümayiş etdirmiş oldular. Onlar Azərbaycan əsgəri ilə qarşılaşmaqdan qorxduqları üçün belə çirkin təxribata əl atıblar. Amma gəncəlilər öz ordusuna, Ali Baş Komandanına inanırlar və hər zaman onların yanındadırlar”.
Ələsgər İskəndərov: “Düşmənin bu təxribatı ilə təkcə dinc əhalini hədəf almır. Gəncə, eyni zamanda, qədim tarix və mədəniyyət beşiyidir. Ermənilər bunu yaxşı bilirlər. İşğal altındakı torpaqlarımızda məscidlərimizi, muzeylərimizi, tarixi abidələrimizi viran qoyan düşmən bu siyasətini yenə də davam etdirir. Lakin biz gəncəlilər bundan qorxmuruq. Azərbaycan əsgəri düşmənin layiqli cavabını verməkdədir. Bu gecə eşitdiyimiz qələbə xəbərləri də bunu göstərir. Biz Azərbaycan Ordusunun tarixi zəfər xəbərini gözləyirik”.
Tural İbrahimov: “Biz Gəncə sakinləri orduya könüllü yazılmaq üçün doğma şəhərimizə gəlmişik. Düşmən şəhərimizi ağır artilleriyadan atəşə tutması ilə məkrli niyyətini reallaşdıra bilməyəcək. Bu təxribat bizim nifrətimizi yüzə min artırıb. Erməni hərbçiləri təlaş içindədirlər deyə başlarını itiriblər. Hər bir gəncəli Azərbaycan əsgəridir və torpaqlarımızın azad olunması uğrunda döyüşə hazırdır”.
Qeyd edək ki, erməni faşistləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrinə, eyni zamanda, ölkəmizin əsrlərdən bəri qorunub saxlanan tarixi məkanlarına da zərbələr endirib.
Azərbaycan əsgəri ilə üz-üzə döyüşdən qaçan düşmən öz heyfini mülki insanlardan, dünya və ölkə əhəmiyyətli tarixi abidələrimizdən çıxır. Bu gün Gəncə şəhərinin Ermənistan ərazisindən kasset tipli raket hücumuna məruz qalması bunun bariz sübutudur.
Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbərlər isə təxribat xarakteri daşıyır və təqdim olunan fotolar bu yalanı bir daha üzə çıxarır.