SİYASƏT
Qələbə və humanizm
Bakı, 17 noyabr, AZƏRTAC
İyirmi il ərzində AŞPA-nın tribunasından, komitələrin iclaslarında çıxış edərkən, rəsmilərlə söhbətlər zamanı Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını, onun beynəlxalq təşkilatlardan çıxarılmasını, ona qarşı sərt tədbirlərin görülməsini və ictimaiyyət tərəfindən qınanmasını tələb edirdim. Ermənilər isə cəzasız qaldıqlarını görərək təkəbbürlü şəkildə bizimlə nəyisə müzakirə etmək istəklərinin olmadığını nümayiş etdirir, dərhal Qərb üçün daha “maraqlı” mövzulara keçərək “yeni demokratik” cəmiyyət qurmaq haqqında danışırdılar. Onlar nə etdiklərini çox yaxşı başa düşürdülər, çünki ərazilərimizi işğal edərək, mülki əhalini məhv edib torpaqlarımızdan qovaraq, bilirdilər ki, cinayətlərini ört-basdır etməyi həqiqəti deməklə deyil, ancaq Qərb siyasətçilərinin və ictimaiyyətin eşitmək istədiklərini deyərək bacaracaqlar. Başqa sözlə, yalan, cəfəngiyat, böhtan... Bu mütləq yalan siyasəti onlar tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldı və Azərbaycana qarşı ideoloji və informasiya müharibəsi alətinə çevrildi.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
Səməd Seyidov deyib: “Biz işğala məruz qalmış bir ölkə olmağımıza baxmayaraq, bəzi siyasətçilərin, təşkilatların və hətta ölkələrin gözündə “işğalçı” kimi təsəvvür edilirdik. Axı təsadüfi deyil ki, ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilmiş məşhur 907-ci düzəliş Ermənistana qarşı deyil, məhz bizə qarşı idi. Yaxud, bir milyon qaçqın və məcburi köçkünümüz olduğu halda dünyaya bu problemi yaratmış kimi təqdim olunurduq.
Dəhşətli səslənir, amma müasir Qərb dünyası bu cürdür: onun dözümlülüyü və tolerantlığı təcəssüm etdirən, danışıqlar və dialoq, diplomatiya və hökumətlərarası yanaşmanı müdafiə edən dili bir şey deyir, amma əməldə isə tamamilə fərqli işlər görür. Demokratiya, insan hüquqları və qanunun aliliyi kimi böyük ümumbəşəri dəyərlərin “pərdəsi” arxasında dəhşətli işlər görülür, ikili standartlar tətbiq olunur, korrupsiya və şəxsi maraqlara əsaslanan ədəbsizlik və riyakarlıq açıq şəkildə özünü göstərir. Bunlar Qərb ictimaiyyətinin və siyasətçilərinin əhəmiyyətli bir hissəsində bir tərəfdən yalançı demokratik və sülhsevər erməni, digər tərəfdən isə qaniçən, təcavüzkar azərbaycanlı obrazlarını yaradan ermənilər tərəfindən məharətlə istifadə edilirdi.
Biz bütün bunları kifayət qədər görmüşük. Bunları görüb ayırd etməyi də öyrəndik. Bəyan edilən dəyərlərdən ədalət gözləməli olmadığımızı, demokratiyalarının bir “universitet” olduğunu və orada onların daim “professor”, bizim isə hər zaman “tələbə” olacağımızı anladıq; insan haqlarının öz davamçıları tərəfindən pozulduğu zaman onlar üçün aktual olduğunu və bir milyon qaçqınımızın onlar üçün, sadəcə, statistika olduğunu; qanunun aliliyinin bizim torpaqlarımızı işğal edənlərdən başqa hər kəsə şamil edilməli olduğunu anladıq. Bütün bu dəyərlərin təzyiq aləti və oyuncaq olduğunu görərək yeganə düzgün yanaşmanı seçdik: həm ritorika, diskurs və münasibətlər səviyyəsində, həm də ölkələrdə və beynəlxalq təşkilatlarda konkret sənədlərin qəbul edilməsi səviyyəsində özümüzə münasibətdə bir dəyişikliyə nail olmaq üçün güclü, qətiyyətli, müstəqil və nüfuzlu olmağı.
Hər kəsə məlumdur ki, qaliblər müharibəyə başlamazdan əvvəl qələbə qazanırlar, məğlublar isə qələbəni döyüş meydanında axtarırlar. Müasir və əzəmətli ordu qurmaqla yanaşı, iqtisadi cəhətdən güclü, millətlərarası münasibət cəhətdən multikultural və ümumbəşəri cəhətdən humanist dövlət quraraq ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan qələbəmizin bünövrəsini ondan xeyli əvvəl yaratmışdı. Bu gün, ilk növbədə, öz gücü və qüdrəti sayəsində Qarabağda BMT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatların qərarlarını həyata keçirərək Azərbaycan ədalətli tarixi Qələbəsini qazanmaqla yanaşı, müasir tarixdə ilk dəfə humanist qələbə nümunəsini nümayiş etdirdi.
Soruşa bilərsiniz ki, bu, nə termindir? Bu, dövlətin Tərtər, Gəncə, Bərdə və Azərbaycanın digər şəhərlərinin mülki əhalisinə qarşı erməni faşizminin iyrənc, çirkin hərbi cinayətlərinə ordumuzun döyüş meydanında sarsıdıcı zərbələri ilə cavab vermək gücüdür. Bu, düşməni hər cəbhədə məğlub etmək və əzmək, Şuşanı düşməndən azad etmək və sonra dayanaraq mülki əhalinin humanitar dəhlizlərdən istifadə etməsinə imkan verməkdir. Bu, Ermənistanı təslim aktını imzalamağa və qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən müəyyən olunmuş konkret müddət ərzində çıxarılmasını qəbul etməyə məcbur edən, sonra isə mülki şəxslərin getməsində yaranan çətinliyi görərək həmin müddəti uzatmağa qərar verən Prezidentin nəcibliyidir. Bu, qoşunları artıq Kəlbəcərdə olan qalibin humanizm, insanpərvərlik, multikulturalizm dilindən istifadə etmək və bütün dünyaya ikili standart deyil, həqiqət və ədalətin ortaq ümumbəşəri standartını göstərmək bacarığıdır.
İndi sülh, mehriban qonşuluq və humanizmdən yalnız biz danışmırıq, indi ətrafda hər kəs sülh, mehriban qonşuluq və humanizm səylərimizdən danışır. Bu gün mülki əhalinin Kəlbəcərdən geri çəkilmə müddətini noyabrın 25-nə qədər uzatmaqla bunu bir daha bütün dünyaya nümayiş etdirmiş olduq.
PS:
Dünən AŞPA-da fəaliyyət göstərdiyim 20 il ərzində ilk dəfə olaraq monitorinq komitəsinin iclasında terrorla mübarizə məsələsini müzakirə edərkən bütün ömrüm boyu xəyal etdiyim bir cümlə işlətdim: “Ərazi bütövlüyünü yenicə tam bərpa etmiş ölkənin nümayəndəsi kimi terrorun və separatçılığın yaratdığı təhlükəni yaxşı başa düşürəm”. İclasda iştirak edən bir çoxlarının üzləri turşudu, erməni isə etiraf etdi: “ bəli, məğlub olduq”...
Qarabağ Azərbaycandır!”.