ELM VƏ TƏHSİL
Qətər Universitetinin tələbələri AzMİU-da
Bakı, 7 mart, AZƏRTAC
Qətər Universitetinin 94 tələbəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, ABŞ, Əlcəzair, Fələstin, Qətər, Misir, İordaniya, İraq, Liviya, Səudiyyə, Somali, Sudan, Suriya, Yəmən və Tunis vətəndaşı olan tələbələr əvvəlcə memarlıq fakültəsində auditoriya və studiyaları gəziblər. Sonra onlar AzMİU tələbələrinin işlərindən ibarət fotostendə baxıblar. Fakültənin sərgi salonunda nümayiş olunan işlər əcnəbi tələbələrdə maraq doğurub. Qonaqlar, həmçinin böyük akt zalında AzMİU-ya həsr olunmuş videoçarxı izləyiblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı ölkəmizin Qətərdəki səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Dövlət Proqramının 5.8.4-cü bəndinin (Xarici ölkələrin gəncləri arasında Azərbaycanla bağlı biliklərin artırılması və tədqiqatların aparılması üçün layihələrin həyata keçirilməsi) icrası ilə əlaqədar Qətər Universitetinin tələbə təşkilatı rəhbərliyi ilə görüş keçirilib və tələbələrin qrup şəklində ölkəmizə növbəti səfərlərinin təşkil olunması təklif olunub. Bu proqram çərçivəsində ötən il Qətər Universitetinin tələbə təşkilatı ilə birgə ölkəmizə tələbələrdən ibarət qrup şəklində səfər təşkil edilib və tələbələr ölkəmizin tarixi-memarlıq abidələri, təbiəti və milli mətbəxi ilə tanış olublar. Əcnəbi tələbələr ölkəmizlə bağlı xoş təəssüratlarını Qətər Universitetinin tələbə təşkilatı tərəfindən yaradılmış “YouTube” kanalında, eləcə də “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə yayıblar.