İQTİSADİYYAT
Qeyri-kommersiya təşkilatları mənfəət vergisi bəyannamələrini təqdim etməlidirlərmi?
Bakı, 2 dekabr, AZƏRTAC
İctimai birliklər, fondlar (qeyri-kommersiya qurumları) mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlərmi?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən sərbəst auditor Altay Cəfərov Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələrin, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatlarının mənfəət vergisinin ödəyiciləri olduğunu bildirib. Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər: “Maddələrə nəzər yetirəndə görürük ki, mənfəət vergiödəyicisi olan hüquqi şəxslər 3 yerə bölünüb: rezident və qeyri-rezident kommersiya müəssisələri (mənfəət vergiödəyiciləridir və mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər), kommersiya fəaliyyəti olan qeyri-kommersiya təşkilatları (mənfəət vergiödəyiciləridir və mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər) və kommersiya fəaliyyəti olmayan qeyri-kommersiya təşkilatları (mənfəət vergiödəyicisi deyildir və mənfəət vergisi bəyannaməsini təqdim etməli deyillər)”.
A.Cəfərov qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, büdcə təşkilatı - büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır. Deməli, ictimai birliklər, fondlar kimi büdcə təşkilatları da qeyri-kommersiya təşkilatları sayılırlar.
Məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsi qeyri-kommersiya fəaliyyəti sayılır. Əks halda, bu fəaliyyət kommersiya fəaliyyəti hesab edilər. Deməli, qeyri-kommersiya təşkilatı kommersiya fəaliyyəti ilə məşğul olduqda bu artıq kommersiya fəaliyyəti sayılır. Amma belə olan halda qeyri-kommersiya təşkilatı kommersiya təşkilatı sayılmır. Yəni fəaliyyət və hüquqi şəxslərin təşkilatı hüquqi forması ayrı-ayrı hallardır və anlayışlardır.