İQTİSADİYYAT


Qəzvin-Rəşt dəmir yolu Prezident Həsən Ruhaninin iştirakı ilə istismara veriləcək

Tehran, 3 dekabr, AZƏRTAC

İran və Azərbaycan dəmir yolları sistemlərini birləşdirəcək Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi tamamilə hazırdır və Prezident Həsən Ruhaninin iştirakı ilə yanvar ayında açılışı olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Həmidi deyib. Onun sözlərinə görə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu istifadəyə verildikdən sonra yükdaşımaya xərclənən vəsaitin 30 faizinə qənaət ediləcək. Azərbaycan ərazisi ilə yüklərin Rusiya və Avropaya daşınması daha təhlükəsiz və səmərəlidir.

X.Həmidi bildirib ki, Qəzvin-Rəşt-Astara yolunun tikintisinə 2012-ci ildə başlanıb və 2018-ci ilin noyabr ayında yolun Qəzvin-Rəşt hissəsi tikilib başa çatdırılıb. Rəşt-Astara hissəsi isə qarşıdakı 3 il ərzində inşa edilərək istismara veriləcək. Qəzvin-Rəşt yolunda 53 tunel, 62 körpü inşa edilib. Yolun dağlıq ərazidən keçməsi çətinliklər yaratsa da, layihə vaxtında icra edilib.

Nazir müavini nəzərə çatdırıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu yükdaşıma xərclərinin 38 faiz, çatdırılma müddətinin isə 22 gün azalmasına səbəb olacaq ki, bu da iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.