İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyətə başlayacaq
Bakı, 27 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin Fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyətə başlayacaq. Qurum fəaliyyəti çərçivəsində qida təhlükəsizliyi sertifikatının, müvafiq olaraq fitosanitar, baytarlıq sertifikatlarının verilməsi xidmətlərini göstərəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sahibkarlar ixrac etdiyi məhsullar üçün bu sertifikatları da “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən vahid məkan prinsipi əsasında əldə edə biləcəklər.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyinin iyulun 1-dən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyətə başlaması sahibkarlar üçün yeni imkanların yaradılmasıdır: “Mərkəz tərkibində ixracatçıların əsas üstünlüyü ixrac prosesini özündə ehtiva edən ixrac blokuna məxsus digər dövlət qurumlarının da sertifikat və icazələrini almağın mümkün olmasıdır. Başqa sözlə, sahibkarlar “Bir Pəncərə” prinsipi əsasında malın mənşə sertifikatının alınmasını, gömrük bəyannaməsinin doldurulmasını, həmçinin özəl sektora malik standartların asanlıqla əldə olunma üstünlüklərindən yararlanacaqlar”.
Diqqətə çatdırılıb ki, Qida Təhlükəsizliyi Agentliyi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində dövlət başçısının “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına dəyişikliklər əsasında fəaliyyətə başlayacaq.