İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi məntəqələrində aparılan monitorinqlərin nəticələrini açıqlayıb
Bakı, 12 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi məntəqələrində aparılan monitorinqlərin nəticələrini açıqlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qurum bu ilin may ayından etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda, heyvan kəsimi məntəqələrində monitorinqlərə başlayıb. Monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəzləşmiş ət kəsimi fəaliyyəti ilə bağlı maarifləndirmə işlərini əhatə edir.
Aparılan monitorinqlər nəticəsində heyvan kəsimi ilə bağlı ölkə ərazisində mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, regionlar üzrə vətəndaşların gündəlik ət tələbatının həcmi agentlik əməkdaşları tərəfindən araşdırılaraq müəyyən olunub. Araşdırmanın ilkin nəticələrinə uyğun olaraq Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda heyvan kəsimi üçün yararlı, baytarlıq-sanitariya normalarına cavab verən kəsim məntəqələrinin ünvanları qeyd edilib.
Belə ki, Bakı şəhəri üzrə heyvan kəsimi normalarına cavab verən heyvan kəsim məntəqələrinə fiziki şəxs Ağalarov Elşən Nurəddin oğluna məxsus iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi (Bakı şəhəri, Binə qəsəbəsi, Xətai küçəsi 7), fiziki şəxs Ucal Ergünə məxsus iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi (Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26), “Təbriz” kəsim məntəqəsi Keşlə bazarının yanı (Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 36 A), “Qoc Ət ” Kəndli Fermer Təsərrüfatı MMC (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ş.Xəlilov küçəsi, 13), “ESE” MMC (Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 92), “AzMeat production” MMC (Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küçəsi 110), “Az Protein Food Production” MMC (Bakı şəhəri, Buzovna qəsəbəsi, Albalı massivi), fiziki şəxs Tamara Aslanovaya məxsus heyvan kəsim məntəqəsi “Oazis” restoranının yanı (Bakı şəhəri, Cəfər Xəndan 52 c), “AzərAqro” MMC (Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mehdi Abbasov küçəsi), “Aqrovest” MMC (Bakı şəhəri Qaradağ rayonu, Binə Ticarət mərkəzinin qarşısı), fiziki şəxs Hüseynov Nəsimiyə məxsus heyvan kəsim məntəqəsi (Nizami rayonu, Çobanzadə küçəsi 63), fiziki şəxs Əliyev Hamletə məxsus kəsim məntəqəsi (Bakı şəhəri, Səbail rayonu Gülbala Əliyev küçəsi 20) daxildir.
Sumqayıt şəhəri üzrə heyvan kəsim məntəqələrini isə fiziki şəxs Arif Hüseynova məxsus heyvan kəsim məntəqəsi (Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə), “Mərcan” heyvan kəsim məntəqəsi (Sumqayıt şəhəri, Koroğlu prospekti) təşkil edir.
Həmçinin Abşeron rayonu üzrə heyvan kəsim məntəqələrinə “Səhliyalı” MMC (Xırdalan şəhəri, H.Əliyev küçəsi), “Zəhmət-Ruzi” MMC-yə məxsus iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi (Xırdalan şəhəri, Quşçuluq massivi, H.Əliyev küçəsi 38), fiziki şəxs Rasim Rzaxanova məxsus heyvan kəsim məntəqəsi (Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi) fiziki şəxs Rafiq Rüstəmova məxsus heyvan kəsim məntəqəsi (Abşeron rayonu, Məhəmmədli kəndi, Mürvət Şirinov küçəsi) aiddir.
Qeyd edilib ki, hazırda monitorinqlər davam edir və heyvan kəsimi normalarına cavab verən kəsim məntəqələri ilə bağlı məlumatlar mütəmadi olaraq siyahıya əlavə olunacaq, ictimaiyyətin diqqətinə çatdırılacaq.