CƏMİYYƏT
Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən və qeydiyyatdan keçməyən sahibkarlıq subyektlərinə qarşı inzibati tədbirlər görülməyə başlanılıb
Bakı, 10 yanvar, AZƏRTAC
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət keçən il dekabrın 31-də başa çatıb. Həmin müddət ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə əlaqədar sahibkarlara dəfələrlə rəsmi müraciətlər olunub, mütəmadi maarifləndirmə tədbirləri aparılıb və kütləvi informasiya vasitələrində xəbərdarlıqlar edilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kifayət qədər vaxt ayrılmasına və prosedurun sadəliyinə baxmayaraq, sahibkarlıq subyektlərinin bir çoxu qeydiyyatla əlaqədar müraciət etməyiblər. Ona görə də qanunvericiliyin tələblərinə uyğun olaraq indiyədək qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün müraciət etməyən sahibkarlıq subyektləri barədə inzibati tədbirlərin həyata keçirilməsinə və cərimələrin tətbiq olunmasına başlanılıb.
Qeyd edək ki, qida təhlükəsizliyi üzrə qeydiyyata alınan sahibkarlıq subyektləri dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. “Yeyinti məhsulları haqqında” Qanunun 7-ci maddəsinə əsasən qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.
Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini bir daha dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır. Aparılan monitorinqlər zamanı qeydiyyatdan keçməyən hər hansı sahibkarlıq subyekti aşkar olunduğu təqdirdə qanunvericiliyə uyğun olaraq inzibati qaydada cərimələr tətbiq ediləcək.