CƏMİYYƏT
Qırğızıstan portalı Bərdənin raket atəşinə tutulması və daha 13 kəndimizin azad edilməsi ilə bağlı materiallar yayıb
Bişkek, 29 oktyabr, АZƏRTAC
Qırğızıstanın “turktoday.info” portalı Azərbaycanın Bərdə rayonunun Ermənistan ordusu tərəfindən ikinci dəfə raket atəşinə tutulması və Ordumuzun işğal altındakı daha 13 kəndimizin azad olunması ilə bağlı AZƏRTAC-ın rus dilində materiallarını yayıb.
Portal yazır ki, Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib.
Bildirilir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.
Sayt Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə verdiyi müsahibənin tam mətnini də dərc edib.
Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi haqqında da portalda məlumat verilir.
Saytda Bərdənin ikinci dəfə “Smerç” raketləri ilə atəşinə tutulmasına dair AZƏRTAC-ın materialları və fotolar dərc edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek