CƏMİYYƏT
Qısqanclıq zəminində arvadını öldürməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 4 sentyabr, AZƏRTAC
Mayın 20-də Mingəçevir şəhəri ərazisində 1982-ci il təvəllüdlü Fərqanə İsayevanın bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Mingəçevir Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin əri Elnur İsayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Fərqanə İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Elnur İsayev Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.