MƏDƏNİYYƏT
“Qızılgül şahzadəsi-2017” müsabiqəsində Azərbaycanın Bolqarıstandakı səfiri münsiflər heyətinin üzvü qismində iştirak edib
Sofiya, 18 may, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Kazanlık şəhərində keçirilən “Qızılgül şahzadəsi-2017” müsabiqəsində münsiflər heyətinin üzvü qismində iştirak edib. 21 iştirakçının qatıldığı müsabiqədə birinci yerə 18 yaşlı Tsvetselina İlieva layiq görülüb. Qızılgül şahzadəsi seçilən T.İliyevaya mükafat N.Qurbanova tərəfindən təqdim olunub.
Kazanlık şəhər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda şəhərin meri Q.Stoyanova, şəhərin yüksək vəzifəli nümayəndələri, dövlət və özəl qurumların təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Gecədə çıxış edən natiqlər Bolqarıstanda qızılgül istehsalı barədə məlumat verərək bildiriblər ki, qızılgül bu ölkəyə ilk dəfə 15-16-cı əsrlərdə Türkiyə, İran və Hindistandan gətirilib və ilk dəfə Kazanlıkda becərilməyə başlanılıb, XIX əsrdən etibarən burda yetişdirilən qızılgül Kazanlıq qızılgülü, Sub-Balkan vadisi isə Qızılgül vadisi adlanmağa başlanıb. Bolqarıstanda illik qızılgül yağı istehsalı son 25 ildə 1-1.8 ton təşkil edir. Hava şəraitindən asılı olaraq məhsul həcmi ildən ilə dəyişir. Bolqarıstanın qızılgülün “damascena roza” növü ilə məşhur olduğunu bildirən natiqlər 1950-ci illərdən etibarən ölkəyə müxtəlif qızılgül növlərinin gətirilməyə başlandığını, lakin qızılgül yağının təbii tərkibinin saxlanması məqsədilə “damascena roza” növünə məxsus çeşidlərin istehsalına icazə verildiyini qeyd ediblər. Qeyd edək ki, 49-cu Qızılgül şahzadəsinin seçilməsi ilə 114-cü Qızılgül bayramı başlanıb. Qızılgül festivalı Bolqarıstanda gözəllik və güllərə həsr olunan ən diqqətəlayiq festivaldır. 1903-cü ildən etibarən təşkil edilən festival ənənəvi olaraq iyun ayının ilk həftəsonu keçirilir. Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya