REGİONLAR
Qobustan fermerlərinin yaz qayğıları
Qobustan, 26 mart, AZƏRTAC
Qobustan rayonunda taxılçılıq kənd təsərrüfatının aparıcı sahəsidir. Hazırda fermerlər və fiziki şəxslər yüksək məhsul götürmək üçün əkinlərə yaz qayğıları göstərilər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 30 min hektarda taxıl əkilib. Sahələrin 19 min hektarı buğda, 11 min hektarı arpadır. Hər yerdə normal çıxış qeydə alınıb. Son vaxtlar yağan yağışlar sahələrdə bitkilərin sürətli inkişafına güclü təkan verib. Hazırda sahələrə yaxşı məhsuldarlıq üçün zəruri olan yemləmə gübrəsi verilir. Bu iş üçün hər gün 60-dan çox gübrəsəpən texnikanın gücündən istifadə olunur. Artıq 15 min hektar sahədə səpin aparılıb. Təklə, Sündü, Xilmilli, Cəyirli, Bədəlli və bir sıra digər ərazi dairələrində bu mühüm aqrotexniki tədbir daha mütəşəkkil formada davam etdirilir.
Qeyd edək ki, rayonun Nabır, Yekəxana, Təsi, Xilmilli və Poladlı İnzibati ərazi dairələrində 1300 hektar suvarılan taxıl sahəsi var. Bu ərazilərin su təminatı Pirsaat və Qozluçay çaylarındandır. Artıq bu yerlərdə taxıl sahələrinin ikinci suvarılması başa çatdırılıb.