REGİONLAR
Qobustanda 12,8 ton bal istehsal edilib
Qobustan, 26 sentyabr, AZƏRTAC
Qobustan rayonunda arıçılıq təsərrüfatına maraq getdikcə artır və təsadüfi deyil ki, bu sahə ilə məşğul olan arıçıların sayı hazırda 240 nəfərə çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aqrar sektorda aparılan islahatlar, hər bir arı ailəsinə verilən subsidiya təsərrüfatın bu sahəsinin inkişafına güclü təkan verib. Cari mövsümdə rayonda 12,8 ton bal istehsal olunub ki, bu da ötən ildəkindən çoxdur.
Bu gün bölgədə öz peşəsini sevən və ildən-ilə məhsul istehsalını artıran onlarca peşəkar arıçı var. Nabır kəndindən Əmirxan Abıyev, Asif Balayev, Təklədən Heydər Qaçayev, Xilmillidən Malik Mirzəyev və digərləri məhz belələrindədir. Onlar Qobustanda arıçılığın inkişafında aparıcı simalardır. Hər il olduğu kimi, Qobustan arıçıları bu il də Bakı şəhərində keçiriləcək bal yarmarkasına 2 ton keyfiyyətli məhsul çıxaracaqlar.