CƏMİYYƏT
Qohumunu şəxsi münasibətlər zəminində tüfənglə öldürməkdə şübhəli bilinən qadın tutulub
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 10-da saat 11 radələrində Bərdə rayonunun Mollalı kənd sakini 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və cəsədə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalar nəticəsində zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərmin Mehralıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.