CƏMİYYƏT
Qohumunun böyrəyi 50 yaşlı qadına köçürülüb
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 50 yaşlı qadın üzərində uğurlu böyrək köçürülməsi əməliyyatı aparılıb.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən bildiriblər.
Klinikanın transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazovun verdiyi məlumata görə, xanım böyrək folikistozu irsi xəstəliyi ilə əlaqədar müraciət edib: “Xəstənin mənsub olduğu nəsildə dializ xəstəsi olan bir neçə nəfər var. Qadın isə il yarımdır ki, dializ xəstəsi idi. Ona yaxın qohumundan böyrək köçürülməsinə dair qərar verildi. Aparılan hərtərəfli müayinələrdən sonra orqanın toxuma uyğunluğu təsdiqləndi”.
Transplantasiya əməliyyatı 5 saata yaxın davam edib. Əməliyyatdan 3 gün sonra donor, 1 həftə sonra isə böyrək köçürülən qadın evə yazılıb.