DÜNYA


Quancou sərgisində elektrik mühərrikli avtomobillərə maraq daha böyükdür VİDEO

Pekin, 21 noyabr, AZƏRTAC

Çinin Quancou şəhərində davam edən 16-cı beynəlxalq avtomobil sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, dünyada ən böyük avtomobil sərgilərindən hesab olunan bu tədbirdə yerli və xarici istehsalçıların 1085 avtomobili nümayiş olunur. Bir çox şirkət yeni modellərini ilk dəfə məhz Quancou sərgisində təqdim edir. Məsələn, “Audi” sərgidə tamamilə yenilənmiş A6 modeli və elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri də daxil olmaqla 20 yeni avtomobilini nümayiş etdirir.

BMW-nin dizayn, görünüş, idarəetmə baxımından yenilənmiş və “ağıllı” texnologiyalarla təchiz olunmuş X5 modeli sərgidə diqqət çəkən avtomobillərdəndir. Altı silindrli mühərrik və 8 pilləli steptronik sürət qutusuna malik 4-cü nəsil BMW X5 modeli saatda 100 kilometr sürətə 5,5 saniyəyə çatır.

“Mercedes-Benz”in tam yenilənmiş 4 qapılı “AMG GT” kupe, yeni “A” və “C” klass modelləri, habelə “Mercedes-Maybach S 680” modeli də daxil olmaqla 37 avtomobilini sərgidə nümayiş etdirir. Mühərriki 639 at gücündə olan kupe “AMG GT” saatda 100 kilometr sürətə 3,2 saniyəyə çatır. İki rəngli “Mercedes-Maybach S 680” modeli məxsusi olaraq Çin alıcıları üçün dizayn edilib.

Sərgidə elektrik enerjisi ilə işləyən avtomobillərə maraq daha böyükdür. Belə ki, yerli və xarici şirkətlərin sərgidə, ümumilikdə, 150 avtomobil modeli nümayiş olunur. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına əsasən, yanvar-oktyabr aylarında ölkədə elektrik enerjisi ilə işləyən 850 mindən çox avtomobil satılıb ki, bu da əvvəlki ilin göstəricisindən 70 faiz çoxdur. Çin elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına və satış sayına görə dünyada birinci yerdədir. Bu cür avtomobil istehsalını prioritet sahə elan edən Çin hökuməti ənənəvi yanacaq növləri ilə işləyən avtomobillərin istehsalına və satışına gələcəkdə cədvəl üzrə qadağa qoymağı da düşünür. Bundan başqa, hökumət şəhər təsərrüfatında elektrik enerjisi ilə işləyən avtomobillərin tətbiqinə də başlayıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.