ELM VƏ TƏHSİL
Quba Peşə Liseyinin metal emalatxanası yenidən qurulub
Bakı, 27 iyul, AZƏRTAC
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşən “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı çərçivəsində Quba Peşə Liseyində yerləşən metal emalatxanasının açılışı olub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Quba Peşə Liseyinin 150 kvadratmetrlik metal emalatxanası lazım olan tikinti materialları, təlim ləvazimatları və alətlər ilə təchiz edilib. Həmçinin “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” layihəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi çərçivəsində yenidən qurulub.
Sözügedən layihə çərçivəsində yaradılmış yeni emalatxana tələbələrə müvafiq peşə üzrə praktiki biliklərin əldə olunmasına birbaşa şərait yaradır. Quba Peşə Liseyində metal emalatxanasının açılması ilə 100-dən çox tələbə il ərzində burada dəmir kəsimi, əymə, kanal açma, işarələmə, qazma, qurma, qaynaq, məcmu təmir, daxili və xarici ipləmə üzrə praktiki təlimlərdən keçə biləcək. Bu praktiki sessiyalar tələbələrə nəzəri biliklərini möhkəmləndirməyə, sahə üzrə bilgiləri daha yaxşı mənimsəməyə və məzun olduqdan sonra əmək bazarına potensial kadr kimi daxil olmalarına kömək edəcək.
Tədbirdə çıxış edənlər peşə təhsilində aparılan islahatlar, onun regional inkişafdakı rolu, peşə təhsilinə ikili təhsil yanaşması, peşə məktəblərinin özəl sektorla əməkdaşlıq imkanları və gələcək planlar haqqında danışıblar. Sonda iştirakçılara Quba Peşə Liseyinin metal emalatxanasına bələdçi turu təşkil olunub.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, Almaniyanın Azərbaycandakı səfiri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin proqram direktoru və layihə rəhbəri, Quba Peşə Liseyinin rəhbər şəxsləri iştirak edib.
Qeyd edək ki, 2017-2023-ci illəri əhatə edən “Özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir. Proqramın ölkəmizdəki əsas məqsədi tələbələrin praktiki təliminə özəl sektorun cəlb olunması ilə ikili peşə təhsili təqdim etmək, yeni peşə təhsil ixtisasları yaratmaq, peşə təhsili idarə heyətinin, müəllim kollektivinin və şirkətdaxili təlimçilərin potensialını gücləndirməkdən ibarətdir.