REGİONLAR


Quba Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib VİDEO

Quba, 2 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 2-də Quba Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, muzeyin açılışı münasibətilə mədəniyyət ocağının yerləşdiyi Nizami Gəncəvi adına parkda ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli mərasim təşkil olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, dövlət proqramına uyğun olaraq ölkəmizdə bir sıra yeni muzeylər tikilir, eləcə də yenidən qurulur. Qədim tarixi olan və geniş turizm potensialına malik Qubada Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın inşası Prezident İlham Əliyevin göstərişinə əsasən həyata keçirilib. Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Quba Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Quba rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.

Mərasimdə bildirilib ki, Qubada ilk tarix muzeyi 1924-cü ildə “Cami” məscidinin mədrəsəsində yerli ziyalıların təşəbbüsü ilə yaradılıb. 1935-ci ildə Əhməd Çələbizadə Quba Tarix Muzeyinə müdir təyin olunub. 1937-ci ildə o, repressiya qurbanı olub və muzey bağlanıb. 1944-cü ilin avqust ayından isə muzey görkəmli alim və mütəfəkkir, şair Abbasqulu Ağa Bakıxanovun yaşadığı binada fəaliyyətə başlayıb.

2012-ci ildən Quba şəhərində yeni, müasir standartlara uyğun muzey binasının tikintisinə start verilib. 2014-cü ildə binanın inşası tam başa çatdırılıb, ekspozisiyalarda tərtibat işləri aparılıb. Binanın ümumi sahəsi 1620 kvadratmetrdir.

Açılış mərasimində çıxış edənlər Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının milli mənəvi dəyərlərimizin, tariximizin qorunub saxlanılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonra mərasim iştirakçıları muzeylə yaxından tanış olublar. Məlumat verilib ki, üçmərtəbəli binanın zirzəmisində fond otaqları yerləşir. Birinci mərtəbədə xidməti otaqlar, ikinci və üçüncü mərtəbədə isə ekspozisiyalar yer alıb.

Muzeyin əsas və köməkçi fondunda 10 mindən çox eksponat qorunub saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.