REGİONLAR
Quba və Qusar sakinlərinin meliorasiya, su təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib
Quba, 20 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Qusar, Rafiq Aslanov isə Quba rayonunda vətəndaşların müraciətlərini dinləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması və digər məsələlərlə bağlı olub.
Qəbula gələn hər bir vətəndaşın müraciəti sədr müavinləri tərəfindən fərdi qaydada dinlənilib, şikayətlərin qısa zamanda araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.