REGİONLAR
Qubada 841 arıçı dövlət dəstəyindən faydalanıb VİDEO
Quba, 7 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada arıçılara subsidiyaların verilməsi prosesi yekunlaşıb. İl ərzində rayon təsərrüfatlarında 841 arıçı dövlət dəstəyindən faydalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il qubalı arıçılara, ümumilikdə, 22 min 400-dən çox arı ailəsinə görə subsidiya ödənilib.
Arıçı Təvəkkül Allahverdiyev bildirir ki, son illər Qubada arıçılıq inkişaf edir. “Biz dədə-babadan arıçılıqla məşğuluq. Təsərrüfatımızda 50-dən çox arı ailəsi saxlayırıq. 2018-ci ildən başlayaraq hər arı ailəsinə görə 10 manat subsidiya alıram. Subsidiyaların verilməsi təsərrüfatçılara arı ailələrinin sayının artırılmasına da maraq yaradıb. Dövlətimizin bizə olan böyük dəstəyi arıçılığın inkişafına təkan verəcək”, - deyə T.Allahverdiyev söyləyib.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Aydın Qədiməliyev bildirib ki, rayondakı arıçıların təsərrüfatındakı arı ailələrinin hamısı pasportlaşdırılıb və hər arı ailəsinə identifikasiya kodu verilib. Bu il rayonda 3 mindən çox yeni arı ailəsi qeydiyyata alınıb. Son illər Qubada arıçılıq təsərrüfatlarının sayında 10 faiz, arı ailələrinin sayında isə 15 faiz artım olub.
Quba rayonunun əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları və qiymətli cinslərə malik arı genofondu arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Hər il rayonda 100-120 ton bal əldə edilir.