REGİONLAR
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
Quba, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 12-də Quba rayonunun Xanəgah kəndində Çağacıq çayı üzərində inşa olunan avtomobil körpüsü sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xanəgah kəndini iki hissəyə ayıran çayın üzərində tikilən üçüncü körpünün eni 6, uzunluğu isə 10 metrdir. Bundan əvvəl daha iki körpü inşa olunaraq istifadəyə verilib.
Körpünün açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, Çağacıq çayı üzərində bu körpülər tikilməmişdən əvvəl sakinlər kəndin bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirdilər. Yeni körpüdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə piyada səkiləri qurulub. Bununla da piyadaların, həmçinin məktəbə gedən şagirdlərin də körpüdən asanlıqla keçməsi təmin edilib.
Çıxış edənlər Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərindən danışıblar.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.