CƏMİYYƏT
Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində 13 nəfər saxlanılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Xəyyam Yunusov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman marixuana və güclü təsiredici xassəyə malik beş ədəd tramadol həbi aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Anar Qurbanov, Dadaş Dadaşov və Teyyub Mirzalıyev də yaxalanıblar. A.Qurbanovun üzərindən marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs narkotik vasitələri X.Yunusovdan aldıqlarını etiraf ediblər.
Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Mətləb Məmmədov və Xaçmaz rayon sakini Cəlal Abasov saxlanılıblar. Həmin şəxslərin üzərindən marixuana və metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı M.Məmmədovun Elşad Məmmədov adlı şəxsə narkotik vasitə satdığı müəyyən edilib. E.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, polis əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Sakit Məmmədov, Elnur Bayramov, Kamran Bayramov, Niyaməddin Babayev, Səbuhi Talıbov və Mehrac Hacıyev tutulublar. Onların üzərindən heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.