REGİONLAR
Qubada qohumunun evindən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıblar
Quba, 16 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada qohumunun evindən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iyunun 13-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Kərimov və Məmmədşah Rüstəmov saxlanılıblar.
Dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edən F.Kərimov və M.Rüstəmov zərərçəkənin evinə gizli yolla girərək oradan 3 min manat dəyərində qızıl-zinət əşyaları və 60 manat nağd pulu götürdüklərini bildiriblər. Onlar oğurladıqları qızıl-zinət əşyalarını Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını söyləyiblər.
Aparılan istintaq araşdırmaları zamanı Fərid Kərimovun digər cinayət əməlinin də “üstü açılıb”. Belə ki, o, 2017-ci ildə eyni ünvandan xalasına məxsus 2 min manat pulu gizli yolla talayaraq oğurluq edib.
Faktla bağlı araşdırma aparılır.