REGİONLAR
Qubada şəhidin xatirəsinə inşa olunan bulaq kompleksi istifadəyə verilib
Quba, 22 iyun, AZƏRTAC
Qubada torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Səlim Sultanovun xatirəsini əbədiləşdirmək məqsədilə Zəqava kəndində bulaq kompleksi istifadəyə verilib.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Çıxış edən şəhid valideynləri və kənd ağsaqqalları Səlimin keçdiyi döyüş yolundan, onda olan yüksək vətənpərvərlik hissindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Tədbirdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndiriblər.