REGİONLAR
Qubadlı sakini öz evini yarımuçuq divardan tanıdı FOTO VİDEO
Qubadlı, 4 mart, A.Yavərzadə, foto A.Quluzadə, AZƏRTAC
Qubadlı rayonunun Muradxanlı kənd sakini 28 ildən sonra doğma yurduna ayaq basıb. Kəndin yollarından bir iz qalmasa da, Nizami Əhmədov özünün dağıdılmış evini yarımuçuq vəziyyətdə olan divardan tanıyıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubadlının ən ucqar kəndlərindən olan Muradxanlı erməni vəhşiliyi nəticəsində indi xarabalığı xatırladır. Erməni faşistləri bu kənddə də evləri dağıdıb, yolları sıradan çıxarıb, hətta ekloji terror törədərək ağacları, yaşıllıqları məhv ediblər.
Rayon sakini Nizami Əhmədov deyir ki, Muradxanlı kəndində dünyaya göz açıb, orta məktəbi də burada bitirib: “Mən bu evdə ailə qurmuşam, həyatımın ən gözəl anları burada keçib. İndiki kimi xatırlayıram, bu evi atam öz zəhməti ilə inşa etmişdi. Evimiz iki mərtəbədən, hər mərtəbə isə üç otaqdan ibarət idi. Ondan geriyə gördüyünüz bu divar qalıb...”.
Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən Nizami Əhmədov təəssüflə bildirib ki, düşmən Qubadlını yerləbir edib, xarabaya çevirib. “Biz illərdir bu yerlərin həsrətini çəksək də, qayıdacağımız günə bir an belə olsun inamımızı itirmədik. İnanırdıq ki, Qubadlıya qayıdacağıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun qüdrəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Əminəm ki, bu yerlər çox qısa zamanda abadlaşacaq və hər kəs öz doğma yurduna dönəcək”, - deyə o vurğulayıb.