SİYASƏT
Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən ukraynalı Oleq Babakın Poltovada yaşayan ailəsinə yardım göstərilib VİDEO
Poltava, 27 iyul, AZƏRTAC
Azərbaycan dövləti irqindən, milliyyətindən asılı olmayaraq, Vətənimizin bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçənlərin hər birinin xatirəsini əziz tutur, ailələrinə yardımlarını davam etdirir. Belə qəhrəmanlardan biri də 1991-ci ildə Qubadlı rayonunda mülki vətəndaşlarımızı erməni silahlılarından qoruyarkən həlak olan ukraynalı Oleq Babakdır.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı, Qubadlı rayonunda ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi növbəti dəfə anılıb. Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi Əziz Nuriyev Oleq Babakın Poltavada yaşayan valideynlərinə baş çəkib və yardım göstərib.
Əziz Nuriyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən dövlətimiz Oleq Babakın ailəsinə daim qayğı göstərir.
“Buraya gəlməyimizin məqsədi bir daha Azərbaycan dövlətinin dəstəyini, yardımını sizə çatdırmaqdır. Artıq Oleq Babakın ruhu da şaddır, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz işğal altındakı torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib. İndi həmin ərazilərdə yenidənqurma və bərpa işləri aparılır”, - deyə Ə.Nuriyev əlavə edib.
O.Babakın anası Nadiya Babak AZƏRTAC-a açıqlamasında onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. “Azərbaycan dövləti bizə hər zaman yardım edir. Bu, bizə yaxşı yaşamağa kömək edir. Bizi unutmadığı üçün Azərbaycan dövlətinə təşəkkür edirəm”, - deyə Nadiya Babak bildirib.
Sonra Oleq Babakın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb və onun xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, Oleq Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində doğulub. SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 1991-ci il aprelin 7-də Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir. Burada yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür.
Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək, son gülləsinə qədər vuruşub və qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.
SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı Oleq Babak SSRİ prezidentinin 1991-ci il 17 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Poltava