REGİONLAR
Qubadlılı məktəbli növbəti tur-aksiyanın Qarabağda keçirilməsini arzulayır
Gəncə, 15 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasına Bakı şəhərindən qatılmışam. Lakin əslim Qubadlıdandır. Ekskursiya müddətində gördüklərim heyrətamizdir. İstər tarixi, istərsə də müasir məkanların hamısı bir-birindən gözəldir. Əlbəttə, bir çox məlumatları kitablardan öyrənmişik. Lakin həmin gözəllikləri öz gözlərimizlə görmək xüsusi zövq verir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Qubadlı rayonu Əliquluuşağı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Rahid Quluzadə deyib.
Gəncə ilə tanış olan R.Quluzadə növbəti tur-aksiyanın Qubadlıya təşkil edilməsini arzulayıb: “İstəyirəm ki, Qarabağı yalnız tarix kitablarından oxumayaq. Onun təkrarsız gözəlliklərini, səfalı təbiətini, şanlı keçmişini bu cür tur-aksiyalar vasitəsilə görə bilək”.
Azərbaycanlı olmağına görə qürur hissi keçirən Qubadlı məktəblisi bu cür gözəl layihəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.