REGİONLAR
Qubalı oxucular “Mütaliə həftəsi”nə başladılar VİDEO
Quba, 28 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 28-dən Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə şəhərin mərkəzi meydanında “Mütaliə həftəsi” adlı aksiyaya start verilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində təşkil olunan mütaliə stolunda oxucular yeni kitablarla, habelə gündəlik qəzetlərlə tanış ola bilirlər. “Yeni oxucuların qeydiyyat stolu”nda isə qubalılara kitabxanaya üzv olmaq imkanı yaradılıb.
Yerli və xarici yazarların 1200-dən çox nəşrinin təqdim olunduğu aksiya həftənin sonunadək davam edəcək.
Tədbirdə çıxış edənlər Qubada artıq altı ildən bəri keçirilən aksiyanın əhəmiyyətindən danışaraq kitaba maraq oyatmaq üçün daha maraqlı, kreativ üsullardan istifadə etməyin vacibliyini vurğulayıblar. Bildirilib ki, “Mütaliə həftəsi”nin məqsədi oxucuların kitaba və kitabxanaya olan marağını artırmaq, mütaliəni təbliğ etməkdir.
Aksiya çərçivəsində “Doğma Qarabağım”, “Tarix yaradan şəxsiyyət”, “Azərbaycan folkloru”, “Dünyanı dolaşan mədəniyyətimiz”, “Kitabxanalarımız bu gün”, “Müasir Quba yazarları” və s. mövzularda sərgilər nümayiş etdirilir. Eyni zamanda, qubalı yazarlar öz oxucuları ilə görüşür, yeni kitabları, habelə yaradıcılıq planları haqqında məlumat verirlər.