REGİONLAR
Qubanın Alpan kəndində xalça toxuculuğu müəssisəsi fəaliyyətə başlayıb VİDEO
Quba, 7 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 7-də Quba rayonunun Alpan kəndində xalça toxuculuğu müəssisəsi fəaliyyətə başlayıb. Azərbaycan və ABŞ hökumətlərinin dəstəyi ilə qurulan müəssisədə Alpanla yanaşı, Susay, Kürkün və Uzunmeşə kəndlərinin 50-dək sakini çalışacaq.
AZƏRTAC xəbər verir ki, müəssisənin açılış mərasimində ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, Amerika İnkişaf Agentliyinin (USAID), İqtisadiyyat Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. Sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayan nazir müavini qeyd edib ki, dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində yoxlamaların dayandırılması müddətinin uzadılması, lisenziyalaşdırma, investisiya mühiti, gömrük, ixrac, vergi və digər sahələrdə həyata keçirilən islahatlar özəl sektorun inkişafında xüsusilə önəmlidir.
Nazir müavini Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeni iş yerlərinin yaradılmasının, sahibkarlığın, xalq sənətkarlığı sahələrinin, o cümlədən xalçaçılığın inkişafının İqtisadiyyat Nazirliyi tərəfindən daim dəstəkləndiyini bildirib və belə icma əsaslı biznesyönümlü layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov rayonda reallaşdırılan layihələr barədə məlumat verərək, xalçaçılığın inkişafı ilə bağlı geniş potensialın olduğunu diqqətə çatdırıb.
ABŞ səfiri Robert Sekuta bildirib ki, qadınların iqtisadi bacarıqlarının gücləndirilməsi yerli icmalar üçün vacibdir. Hər bir bölgənin qadınları səmərəli fəaliyyəti ilə öz icmalarına töhfə verməli və bunun üçün lazımi şəraitə və təcrübəyə malik olmalıdırlar.
Qeyd olunub ki, USAID və Azərbaycan hökumətinin maliyyələşdirdiyi bu layihə Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən həyata keçirilib. Müəssisənin fəaliyyətə başlaması qədim toxuculuq ənənələrinin qorunmasına və inkişafına yardım edəcək. Burada çalışan qadınlar peşə təlim kurslarına cəlb olunmaqla biznes imkanlarından yararlanacaqlar. USAID-ın İctimai-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Azərbaycanın 95 icmasında 108 layihə reallaşdırılıb.
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva da qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində bu kimi icma layihələrinin əhəmiyyətini vurğulayıb.
Açılış mərasimindən sonra qonaqlar toxuculuq müəssisəsi ilə yaxından tanış olublar.
Xalça müəssisəsinin fəaliyyətə başlaması Alpan və ətraf 3 kənddə yaşayan sakinlərin işlə təminatı ilə yanaşı, 200 qadının xalçaçılıq üzrə pulsuz təlimlərdə iştirak etməsinə imkan yaradacaq. Bundan başqa, müəssisədə xalçaların istehsalı üçün ilkin xammal (yun, ip, təbii boyaq kimi istifadə olunan bitkilər və s.) yerli fermerlərdən alınacaq. Layihə çərçivəsində iki xalça toxuma otağı, konfrans (təlim otağı), sərgi zalı və digər obyektlər inşa olunub.
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpası işləri ilə də tanış olub. Təmir-bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilir. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyir. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılacaq. Təmir və yenidənqurma işlərinin 2018-ci ilin mart ayında yekunlaşması nəzərdə tutulub.
Daha sonra səfir Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə sinaqoqda olub, yerli icma üzvləri ilə görüşüb.