REGİONLAR
Qubanın Amsarqışlaq kəndinin yoluna asfalt döşənəcək VİDEO
Quba, 3 mart, Elxan Yusifli, AZƏRTAC
Qubanın Amsarqışlaq kəndinin yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Amsarqışlaq kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə yaşayış məntəqəsində yaşayan mindən yuxarı yaxın əhalinin Qubanın rayon mərkəzinə rahat və maneəsiz gediş-gəlişi təmin olunacaq.
Amsarqışlaq yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 2 kilometrlik yol əsaslı şəkildə yenidən qurulur.
Yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa edilir. Yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınır. Yola 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənəcək.
Yolun istifadəyə verilməsi yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.