REGİONLAR
Qubanın Bağbanlı qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikilir
Quba, 30 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Bağbanlı qəsəbəsində yeni məktəb binası inşa olunur. 360 şagird yerlik, ikimərtəbəli məktəb binası 2023-cü ildə istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta məktəbin köhnə binası 54 il öncə tikilib. Binada tədris prosesini müasir dövrün tələblərinə uyğun təşkil etmək mümkün deyildi. Buna görə də istismar müddətini başa vuran binanın yerinə yeni, müasir məktəb binası inşa olunur.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və əlaqədar qurumların nümayəndələri yeni məktəbin inşasına başlanması münasibətilə Bağbanlı qəsəbəsində olub, tikinti işlərinin gedişatı ilə maraqlanıblar.
Məktəbin direktoru Əzizağa Məmmədov bildirib ki, hazırda köhnə binanın sökülməsi işləri həyata keçirilir. Yeni binanın tikintisinə sentyabr ayından başlanacaq. Binada sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq.
Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Məktəbin şagirdlərinin 2022-2023-cü tədris ilində təhsil alması üçün qəsəbədəki Folklor evində şərait yaradılıb. Təhsil ocağında 270 şagird elmin sirlərini öyrənir.