CƏMİYYƏT
Qurban Yetirmişli: Yaxın günlər ərzində ölkəmizdə dağıdıcı zəlzələlərin başvermə ehtimalı yoxdur
Bakı, 30 mart, AZƏRTAC
İlin üç ayı ərzində Azərbaycanda seysmik aktivlik fon səviyyəsində olub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli “Elm günü” ilə əlaqədar keçirilən onlayn sərgi-konfransda deyib.
Professor bildirib ki, yer daxilində gedən geodinamik proseslər davam edir və hər gün xırda təkanlar müşahidə olunur: “Elə gün yoxdur ki, ölkəmizdə 30-40 yeraltı təkan qeydə alınmasın. Bir gün ərzində orta hesabla 30 yeraltı təkanın baş verdiyini düşünsək, üç ay ərzində qeydə alınan zəlzələlərin sayının 2500-3000 arasında olduğunu demək olar. Maqnitudası 3-dən yuxarı olanların sayı 10-15 arasındadır ki, onların da bir neçəsi zəif hiss olunub. Yaxın günlər ərzində ölkəmizdə dağıdıcı zəlzələlərin başvermə ehtimalı yoxdur. Hazırda seysmik aktivlik fon səviyyəsindədir”.
Mərkəzin baş direktorunun sözlərinə görə, son zamanlar sərhədyanı ölkələrdə Azərbaycandakı zəlzələ ocaqlarına təsir edə biləcək güclü zəlzələlər olmayıb: “Qeydə alınan zəif təkanlardır və onların elə ciddi təsiri yoxdur. Güclü uzaq zəlzələlərin isə ölkəmizin zəlzələ ocaqlarına təsiri ola bilməz. Bu, müxtəlif regionlarda yerləşmə, fərqli tektonik qırılmalar, ayrı-ayrı geodinamik proseslərlə əlaqədardır”.