REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı “Hərənin öz ulduzu”nu təqdim edib
Xaçmaz, 7 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 7-də Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi xaçmazlı tamaşaçılara yazıçı–dramaturq İsi Məlikzadənin “Hərənin öz ulduzu” adlı səhnə əsərini təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Heydər Əliyev Mərkəzinin kino zalında təqdim olunan tamaşada 35 nəfərlik aktyor heyəti yer alıb. Komediya janrında olan səhnə əsərində hadisələr kənd mədəniyyət klublarının birində baş verir. Bu klubdakı işçilər bacarıq və istedadına görə deyil, qohumluq əlaqələrinə görə işə götürülüb. Festivala hazırlaşan klub kollektivinə yeni müdir təyin olunur və əsas hadisələr də bundan sonra başlayır.
Tamaşaya baxmağa gələnlər Heydər Əliyev Mərkəzinin foyesində Qusar Mədəniyyət Mərkəzində fəaliyyət göstərən folklor qrupların təqdimatları və Qusar Dövlət Ləzgi Dram Teatrının uğurlarını əks etdirən sərgi ilə tanış olmaq imkanı da qazanıblar.
Yeni tamaşa Xaçmazla yanaşı, bölgənin digər rayonlarında da səyyar şəkildə təqdim olunacaq.