REGİONLAR
Qusarda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb VİDEO
Qusar, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları rayon ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlayan şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxsin rayon sakini Zərbəli Çigəliyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı Z.Çigəliyev törətdiyi oğurluq hadisəsini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan əşyaların çox hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin analoji hadisələrdə iştirak edib-etməməsi araşdırılır.