REGİONLAR
Qusardakı donmuş şəlalələrdə buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçiriləcək VİDEO
Qusar, 30 yanvar, AZƏRTAC
Yanvarın 31-də Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma idman növü üzrə açıq Azərbaycan çempionatı başlayacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq birincilik beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun keçirilir.
Turnirdə FAİREX-in nəzdində fəaliyyət göstərən, respublikanın müxtəlif bölgələrindən olan klubların idmançıları iştirak edəcəklər.
Açıq Azərbaycan çempionatına fevralın 1-də yekun vurulacaq.
İlbəil iştirakçılarının sayı artan bu kimi yarışların ölkəmizdə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu növ üzrə texnikasını təkmilləşdirməyə, eyni zamanda, beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə FAİREX-in əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradır. Son vaxtlar ölkəmizdə bu kimi milli və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.