REGİONLAR
Qusarın Qayakənd kəndində 80 nömrəlik yeni elektron ATS istifadəyə verilib VİDEO
Qusar, 16 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 16-da Qusarın Qayakənd kəndində 80 nömrəlik yeni elektron ATS istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, elektron ATS-ə Qusar çayının sağ sahilindən uzunluğu 4100 metr fiber-optik kabel çəkilib. Bunun 2400 metr hissəsi yeraltı aparılıb. Bundan başqa, rayon Mərkəzi Elektron ATS-də, Yeni Həyat, Kuzunqışlaq, İmamqulukənd, Avaran, Kirik, Düztahir, Şirvanovka və Gündüzqala kəndlərində DSLAM avadanlıqlar montaj olunaraq, ümumilikdə, 380 ədəd internet port artırılıb. Rayonun Qayakənd kəndində daxili xətt şəbəkəsi yenilənib.
Yeni elektron ATS-in istifadəyə verilməsi münasibətilə Qayakənd kəndində təşkil olunan mərasimdə bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) regionlarda İKT infrastrukturunun təkmilləşdirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın təmin olunması üçün bir sıra layihələr həyata keçirir. Bu istiqamətdə aparılan işlər Qusar rayonunda da davam etdirilir.
“Aztelekom” MMC-nin kommersiya direktoru Elçin Cabbarov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək diqqətə çatdırıb ki, Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıqlar quraşdırılıb. Nəticədə telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib. Belə ki, 2017-ci ildə Qusar şəhərində və kəndlərində 485 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 600 nəfər artım qeydə alınıb. İnternet keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şəhər elektron ATS-lərində 7, kənd elektron ATS-lərində isə 31 ədəd müasir JUNİPER avadanlıqları, Yeni Həyat kəndində çöl tipli müasir 60 nömrəlik elektron şkaf quraşdırılıb.
İnternet keyfiyyətinin yaxşılaşdırılması üçün istismara yararsız kabellər, şəhər və kənd elektron ATS-lərindəki generatorlar, daxili xətt şəbəkəsində istismara yararsız məftillər yeniləri ilə əvəzlənib. Şəhər ərazisində 17 kilometr, kəndlərdə isə 35 kilometr xətt təmir olunub.