RƏSMİ XRONİKA
RAYON AĞSAQQALLAR ŞURASININ ÜZVÜ ÖZBƏK QULİYEVİN ÇIXIŞI
Dağların ağ şəhəri, uzunömürlülər diyarı Lerikə xoş gəlmisiniz! Sizin gəlişiniz xalqımızın və müsəlman dünyasının müqəddəs Ramazan bayramına təsadüf edir. Rayonumuzun ağsaqqalları adından Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailənizə səadət və Lerik uzunömürlülüyü arzulayırıq.
Möhtərəm Prezident!
Ümummilli liderimiz, əbədiyaşar Prezidentimiz Heydər Əliyev, vaxtilə Azərbaycan Respublikasına rəhbərliyinin hələ birinci dövründə, bütün dağ rayonları kimi, Lerikin də sosial-iqtisadi geriliyini aradan qaldırmaq üçün misilsiz işlərin təməlini qoymuşdur. Leriki Heydər Əliyevin müdrik siyasətinin bəhrəsinin nümunəsi hesab etmək olar. Bu müqəddəs Ramazan bayramında ümummilli liderimizə rəhmət diləyirik. Onunla təsəlli tapırıq ki, bizə Sizin kimi ləyaqətli, xeyirxah əməllər sahibi, respublikamızın tərəqqisi, xalqın daha da firavan həyat sürməsi naminə var qüvvəsini əsirgəməyən bir şəxsiyyət bəxş etmişdir.
Cənab Prezident, Lerikə ikinci tarixi səfəriniz bizim hədsiz sevincimizə səbəb olmuşdur. Birinci səfərinizdən cəmi bir il keçməyinə baxmayaraq, Lerikdə bütün sahələrdə irəliləyiş, canlanma vardır. Sanki Siz Lerikə soyuq payız günlərində deyil, isti yay günlərində gəlmisiniz. Gəlişinizdən doğan əhval-ruhiyyənin hərarəti bizim hamımızı isitməyə kifayət edir. Hətta, bizdən bir qədər aralıdakı bağda ərik ağacı da çiçək açmışdır. Ötən il rayonumuza ən yüksək standartlara cavab verən yol çəkdirdiniz. Bu gün isə rayonumuzda qaz kəmərinin açılışıdır. Biz bu qaz kəmərini Bakı-Tbilisi-Ceyhan neft kəmərinə bənzədirik. Rayonda evlərə qaz çəkilir, pilətələr qoyulur. Bunu bu müqəddəs bayramda Sizin leriklilərə çox qiymətli hədiyyə kimi qəbul edirik. Sizin Lerikə, Yardımlıya, hətta keçilməz dağ kəndi Xınalığa yol, su, qaz çəkdirməyiniz biz kənd adamlarına yüksək diqqət və qayğının nümunəsidir. Camaatımız bu qayğıya görə Sizə dərin minnətdarlığını və ehtiramını bildirir. Ömrünüz uzun olsun!
Son üç ildə təkcə Lerik rayonunda müasir tipli 9 orta məktəb binası
tikilmiş, 2 uşaq bağçası, çoxlu poçt binaları istifadəyə verilmişdir.
Möhtərəm Prezident,
Xatırlatdığım 9 məktəb ən ucqar, rayon mərkəzindən 25-30 kilometr uzaqda yerləşən kəndlərdə tikilibdir. Elə kəndlərdə ki, rayon mərkəzindən, oraya tikinti materiallarını aparmaq üçün 4-5 saat vaxt lazımdır. Bir ağsaqqal kimi şəxsən mən özüm bu yaxınlarda həmin məktəblərdə olmuşam. İnanın ki, bəlkə də, heç Bakının mərkəzində elə məktəblər yoxdur. Buna görə biz şəxsən Sizə minnətdarıq. Sizi canımızdan da çox sevirik.
Qəsəbənin bütün küçələri abadlaşdırılmışdır. Vaxtilə hətta yük maşınlarının hərəkət edə bilmədiyi məhəllələrə asfalt döşənmişdir. Sosial-iqtisadi imkanlarımızın artmasının nəticəsidir ki, kənddən şəhərə axın dayanmış, əksinə vaxtilə köçən ailələrin rayonumuza qayıdışı başlanmışdır. Hazırda Lerikin elə bir küçəsi, elə bir dalanı, elə bir evi yoxdur ki, orada abadlıq işləri görülməsin. İndi Lerik dağlarda ağ şəhərə bənzəyir. Leriki dağların yaşıl şəhəri adlandırsaq, heç də yanılmarıq. Buna görə Sizə bir daha öz minnətdarlığımızı bildiririk.
Dəniz səviyyəsindən 1200 metr yüksəklikdə işləyənlərin əmək haqqına əlavələrin verilməsi, minimum pensiyaların, əmək haqlarının artırılması barədə verdiyiniz sərəncamlar bütün əhalinin sevincinə səbəb olmuşdur.
Biz pensiyaçılar da Sizdən sonsuz dərəcədə razıyıq. Vaxtaşırı pensiyalarımız artırılır. Pensiyaları rahatca bankomat vasitəsilə alırıq. Asudə vaxtımızın səmərəli təşkili üçün qəsəbənin ən səfalı yerində yeni yaraşıqlı istirahət parkı salınmışdır.
Görülən işləri saymaqla qurtaran deyildir. Bütün bunlara görə bir daha Lerik camaatı adından Sizə hədsiz minnətdarlığımızı, ən dərin məhəbbətimizi bildiririk.
Cənab Prezident,
Gəlişinizdən doğan sevinc hisslərini sözlə ifadə etmək mümkün deyil! Allahdan arzum budur ki, ölkəmizdə daim əmin-amanlıq olsun. Sizin müdrik rəhbərliyiniz altında daha böyük uğurlara nail olaq. Biz Lerik camaatı da ölkəmizin inkişafı naminə gərgin fəaliyyətinizdə həmişə Sizə yardımçı olacağıq.
Möhtərəm Prezident!
Çıxışımın sonunda camaatımızın iki xahişini Sizə çatdırmaq istəyirəm. Birincisi, rayonumuzun Zuvand bölgəsi rayon mərkəzindən 25 kilometr aralıda yerləşir. Zuvand rayonun dilbər guşələrindən biridir. Vaxtilə, 1952-53-cü illərdə Zuvand camaatı respublikaya rəhbərlik edən mənfur qüvvələr tərəfindən köçürülmüş, kəndlər viran qoyulmuşdu. Yurd-yuvalarından didərgin salınmış əhali respublikanın müxtəlif rayonlarında, habelə İrana keçərək, orada məskən salmışdır. Biz leriklilər Zuvandın zəngin kənd təsərrüfatı məhsullarından istifadə edirik. Hətta Lənkəran şəhərinin və başqa şəhərlərin burada iştirak edən nümayəndələri bunun canlı şahididir ki, onun gözəl məhsullarından həmişə istifadə edirlər. Lakin möhtərəm Prezident, böyük bir qayğıya ehtiyacımız vardır. Çox istərdik ki, biz yaxın qohumlarımızla vaxtlı-vaxtında görüşək. Doğrudur, biz Lənkərana, sonra Astaraya, oradan da uzaq məsafə qət edib İrana, Ərdəbilə qohumlarımızla görüşə gedirik. Lakin mən Sizə xatırladım ki, Zuvand bölgəsinin Kəlvət kəndindən Ərdəbilə, Piləçaya cəmi 8-15 kilometr məsafə vardır. Yaxşı olar ki, Prezidentimiz, bizim sevincimiz, canımız, sabahımız, gələcəyimiz, bizim camaatın xahişini nəzərə alıb, Kəlvət kəndində keçid-buraxılış məntəqəsi, əhalinin rifahının yaxşılaşdırılması üçün həftəbazarı açılmasına kömək göstərəsiniz.
İkincisi, əksər kəndlərimizin sakinləri içməli su sarıdan korluq çəkirlər. Bu çətinliyi aradan qaldırmaq üçün artezian quyularının qazılmasına ciddi ehtiyac vardır.
Cənab Prezident, əmin ola bilərsiniz ki, daim Heydər Əliyev siyasətinə sadiq olan leriklilər həmişə Sizinlədir. Növbəti səfərinizdə Sizi daha nəhəng quruculuq işləri ilə sevindirəcəyimizə söz veririk.
Allah Sizi həmişə bizim üçün yaşatsın! Sağ olun.
X X X
Prezident İlham Əliyev mərasimdə nitq söylədi. Sonra dövlətimizin başçısı rayonun ağsaqqalları ilə görüşüb hal-əhval tutdu, qayğıları ilə maraqlandı. Leriklilər ulu öndər Heydər Əliyevin başladığı böyük işləri uğurla və daha geniş şəkildə davam etdirən Azərbaycan Prezidentinə təşəkkürlərini bildirdilər, ölkəmizin və xalqımızın gələcəyi naminə fəaliyyətində müvəffəqiyyətlər dilədilər.