SİYASƏT
RESPUBLİKA GÜNÜ XARİCDƏ YAŞAYAN SOYDAŞLARIMIZTƏRƏFİNDƏN QEYD OLUNACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin İsgəndərun şəhərinin Atatürk meydanında Azərbaycan incəsənət ustalarının iştirakı ilə Respublika gününə həsr olunmuş geniş konsert proqramı təşkil olunacaq.
Milli bayramımızı Hollandiya, İsveç, Finlandiya, İspaniya və Çexiya kimi Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız da qeyd edəcəklər.
Respublika günü Baltikyanı hər 3 respublikada, Orta Asiya ölkələrindən Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, eləcə də Ukrayna, Belarus, Moldovada diaspor təşkilatlarımız tərəfindən qeyd olunacaq.
Bu əlamətdar gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bu ölkədəki səfirliyimiz və “Azərbaycan” cəmiyyətinin təşkilatçılığı ilə qeyd ediləcək. Keçiriləcək tədbirə Dubay, Abu-Dabi və Şarca şəhərlərində yaşayan soydaşlarımız, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri qatılacaqlar.
ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti və Massaçusets ştatının Boston şəhərindəki Azərbaycan-Amerika Cəmiyyəti də milli bayramımızı qeyd edəcəklər.