İQTİSADİYYAT
“ROAD & TRAFFİC” sərgisində 11 ölkənin 26 şirkəti iştirak edəcək
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 26-dan 28-nə kimi Bakı Ekspo Mərkəzində VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi keçiriləcək.
“Road&Traffic 2017” sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi, ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaradılması və yol hərəkətinin təhlükəsizliyi sahəsində problemlərin həlli yollarının inkişaf etdirilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 25-də VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında "Iteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov deyib. O bildirib ki, “Road&Traffic” sərgisi biznes strukturlarının Azərbaycan və region ölkələrinin dövlət yol-nəqliyyat orqanlarının rəhbər və mütəxəssisləri ilə görüşməsi üçün unikal platformadır. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
Bu il “Road&Traffic” sərgisi dünyanın 11 ölkəsini - Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Belarus, Çin, İsveçrə, Polşa, Rusiya, Türkiyə və Ukraynanı təmsil edən 26 şirkəti bir araya toplayıb. Sərgidə yol və körpülərin layihələndirilməsi və tikintisi, yolların işarələnməsi üçün texnika və avadanlıqlar, yol maneələri, geoloji planlaşdırma və kartoqrafiya, ərazinin “3D” formatlı modelləşdirilməsi, geodeziya avadanlıqları, yol üçün işıqlandırma sistemləri, asfalt-beton zavodları, yol üçün geosintetik materiallar, yol-inşaat texnikası, nəqliyyat vasitələrinin hərəkət sürətini ölçmək üçün vasitələr, avtobuslar və bir sıra digər məhsullar təqdim olunur.
Sərgi iştirakçıları arasında “Azvirt”, “Basler Lacke AG”, “Cepas”, “Gp Steuerungs - & Anlagenbau Gmbh”, “Hofmann Gmbh”, “Rubikon Geosystems”, “Tekno Maccaferri” və “Wavetronix” kimi şirkətlər, eləcə də “Azəravtoyol” ASC yer alır. Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edir. Ənənəvi olaraq, sərgidə yeni məhsullar, o cümlədən yolların işıqlandırılması üçün “Urban” və “Kordoba” məhsulları, eləcə də “Novoplast-praymer” qruntu təqdim olunur.
Sərgi çərçivəsində “Bakının nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud vəziyyət və gələcək planlar” mövzusunda seminar keçiriləcək.
Beləliklə, “Road&Traffic” sərgisi regionun aparıcı yol-inşaat şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək və Bakı şəhərində, eləcə də Azərbaycanın digər böyük şəhərlərində ictimai nəqliyyatın optimallaşdırılması sahəsində hökumətin cari və gələcək planları ilə tanış olmaq, həmçinin bu layihələrdə iştirak imkanlarını nəzərdən keçirmək üçün ideal şərait yaradacaq.
“Road&Traffic” sərgisi XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri ilə eyni meydançada keçirilir. Sərgi peşəkar ziyarətçilər üçün 26-28 aprel tarixlərində, tələbələr üçün isə aprel ayının 28-də açıq olacaq. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər) yer alır. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.