RUSİYA, PRİBALTİKA VƏ ORTA ASİYA RESPUBLİKALARINDA YAŞAYAN SOYDAŞLARIMIZ PREZİDENT HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ YAD EDƏCƏKLƏR
AzerTAg.az
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 18-də Moldova Azərbaycanlıları Konqresi, Belarus Azərbaycan İcmaları Konqresi, “Aydan” Estoniya Mədəniyyət Mərkəzi, Latviyadakı “Azəri” Cəmiyyəti, Litva Azərbaycanlıları Cəmiyyəti, Gürcüstandakı “Yeni Yol İttifaqı” və “Ziyalılar birliyi” ümummilli liderimiz, Prezident Heydər Əliyevin xatirəsini anma mərasimləri keçirəcəklər. Eyni zamanda, həmin gün Qazaxıstan Xalqlar Assambleyasının binasında “Turan” Konqresi, Heydər Əliyev adına Azərbaycan evində Özbəkistan Milli-Mədəni Mərkzlərinin Assosiasiyası, Qırğızıstan Xalqlar Assambleyasının binasında “Azəri” Azərbaycanlıların Assosiasiyası ehsan süfrələri açacaqlar. Mərasimlərdə ümummilli liderimizin ruhuna dualar oxunacaq, Quran tapşırılacaqdır.
Adları çəkilən təşkilatlar 20 Yanvar faciəsinin ildönümünü də bu il xüsusi qeyd edəcəklər. Yanvarın 20-də həmin hadisənin mahiyyətini açıqlayan xüsusi tədbirlər keçiriləcək, seminarlar, dəyirmi masalar təşkil ediləcək, tədbirlərin keçirildiyi salonlarda ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə həsr olunmuş stendlər sərgilənəcək, sənədli və bədii filmlər nümayiş etdiriləcəkdir.
Sözügedən icmaların regional təşkilatlarında da ümummilli liderimizin və 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq. Ümumrusiya Azərbaycanlıları Konqresinin başçılığı ilə Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də Volqoqrad, Lipetsk, Belqorod, Kirov, Maqadan, Xabarovsk, Voronej, Sverdlovsk, Tümen, Ulyanovsk və s. vilayətlərində fəaliyyət göstərən Azərbaycan icmaları, milli-mədəni muxtariyyətləri və birlikləri tərəfindən də anma mərasimləri təşkil olunacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var