REGİONLAR
Rabitə və yüksək texnologiyalar naziri Qəbələdə bölgə vətəndaşlarını qəbul edib VİDEO
Qəbələ, 19 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul sentyabrın 19-da rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən Qəbələ şəhərində keçirilib. Qəbələ, Şəki, Oğuz, İsmayıllı rayonlarından olan sakinlərin müraciəti əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi, xidmət mədəniyyəti və digər məsələlərlə bağlı olub.
Qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyən nazir Əli Abbasov müraciətlərin bəzilərini yaradılmış canlı videobağlantı ilə aydınlaşdıraraq tapşırıqlar verib, bir sıra məsələləri yerindəcə həll edib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq nazirlik və təşkilatlara çatdırılması məqsədilə nəzarətə götürülüb.
Qəbulda 25-ə yaxın vətəndaş iştirak edib. Onlar yerlərdə keçirilən belə görüşlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.