ELM VƏ TƏHSİL
“Rafiq Yunis-Əli oğlu Qasımov” biblioqrafiyası nəşr edilib
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Elmi Kitabxanası tərəfindən “Rafiq Yunis-Əli oğlu Qasımov” adlı biblioqrafiya nəşr olunub.
“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından olan biblioqrafiya AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 1954-2017-ci illərdə dərc olunmuş əsərlərini və onun haqqında yazılmış materialları əhatə edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitaba alimin həmin illərdə dövri mәtbuatda Azərbaycan və rus dillərində çapdan çıxmış məqalələri, monoqrafiyaları, elmi rəhbəri olduğu dissertasiyalar, həmçinin R.Qasımovun həyatı, elmi-təşkilati və ictimai fəaliyyəti, balıqçılıq təsərrüfatları üçün hazırladığı tövsiyələr və onların tətbiqi haqqında materiallar daxil edilib.
AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib.