ELM VƏ TƏHSİL
Regional məktəb çempionatında 36 komanda mübarizə aparacaq
Bakı, 25 may, AZƏRTAC
“İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun təşkil edilən çempionatın keçirilməsində əsas məqsəd məktəblilərin yaradıcılıq bacarıqlarının inkişafına kömək göstərmək, yüksək yaradıcılıq qabiliyyətinə, müxtəlif sahələrdə dərin biliklərə malik şagirdləri aşkarlamaq və onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb etməkdir.
Mayın 27-də keçiriləcək regional çempionatda Bakının hər rayonundan 3 məktəb komandası olmaqla 36 komandanın iştirakı nəzərdə tutulub.
Regional məktəb çempionatı 3 turdan ibarət olacaq. Hər turda komandalara 12 sual olmaqla ümumilikdə 36 sual veriləcək. Çempionatda 8-10-cu sinif şagirdləri iştirak edə bilərlər.
Qeyd edək ki, “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatının qalib komandaları Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaq.