REGİONLAR
Regional olimpiadanın qalibləri mükafatlandırılıb
Lənkəran, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) ölkəmizin cənub bölgəsinin rayonlarını təmsil edən IX-XI sinif şagirdləri, Lənkəran Humanitar, Astara Pedaqoji, Masallı Dövlət Regional kolleclərinin tələbələri arasında fizika, riyaziyyat, kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə keçirilən regional olimpiadanın qaliblərinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən Natiq İbrahimov ölkəmizin gələcəyinin bu gün yetişdirdiyimiz kadrların səviyyəsindən asılı olduğunu vurğulayıb, müxtəlif fənlər üzrə olimpiadaların, bilik yarışlarının bu istiqamətdə mühüm rol oynadığını bildirib.
Regional olimpiadada qalib gələn şagird və tələbələrə LDU-nun diplomları, kubok və qiymətli hədiyyələr təqdim olunub.
Mərasimdə, həmçinin Həştərxan Dövlət Texniki Universitetinin Avrasiya Universitetlər Assosiasiyası ilə birgə təşkil etdiyi “Xəzər ulduzları” festivalı çərçivəsində “Mənim dostum Xəzərdə yaşayır” adlı beynəlxalq inşa müsabiqəsində yer tutduqlarına görə LDU-nun tələbələri Xəyyam Tahirzadə, İlahə Məlikzadə, Leyla Cəfərova da mükafatlandırılıblar. Onlara LDU-nun fəxri fərmanları və xatirə hədiyyələri verilib.
Lənkəran Dövlət Universitetində keçirilən regional olimpiadada cənub bölgəsini təmsil edən təhsil müəssisələrindən 250-dən çox şagird və tələbə iştirak edib.