İQTİSADİYYAT
Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir
Bakı, 7 sentyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə regionlarda informasiya texnologiyaları (IT) sahəsində təlimçilərin hazırlanması üçün təlimlərə start verilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimlərin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən IT mütəxəssislərin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar IT təlimçilərin sayını artırmaqdır. Bu təlimləri uğurla başa vuracaq mütəxəssislərin təlimçi olaraq “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin regional təlimlərinə cəlb edilməsi nəzərdə tutulur.
Oktyabr ayından başlayacaq təlimlər 1 ay müddətində intensiv formada keçiriləcək və iştirakçılara IT əsasları (IT texnik) üzrə təlimçilik bacarıqları öyrədiləcək. Əsas hissəsi onlayn, yekun hissəsi isə Bakıda təşkil olunacaq təlimləri uğurla bitirən şəxslər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təlimçilik sertifikatı ilə təltif ediləcəklər.
Təlimlərdə Gəncə, Naxçıvan, Şərur, Mingəçevir, Şəki, Zaqatala, Lənkəran, Şamaxı, Qazax, Şirvan, Ağdaş, Göyçay, Qəbələ, İmişli şəhərlərində yaşayan və müəyyən edilmiş tələblərə cavab verən şəxslər iştirak edə bilərlər. Təlimlərə qoşulmaq üçün IT sahəsi üzrə minimum iki il iş təcrübəsi və qeyd edilən rayonda daimi yaşamaq tələb olunur. Müraciət edən şəxslər öz CV-lərini təqdim etməlidirlər.
Son müraciət tarixi sentyabrın 30-dur.
Ətraflı məlumatı www.iktlab.az saytı və telefon ((012) 505-01-13, (077) 505-01-13) vasitəsilə əldə etmək mümkündür.