İDMAN
Rəhman Hacıyev: Vüqar Həşimov Azərbaycan idmanının ən parlaq nümayəndələrindən biri idi
Bakı, 23 dekabr, AZƏRTAC
"Vüqar Həşimov Memorialı-2021"in Təşkilat Komitəsində yer almaq mənim üçün böyük şərəfdir. Yarışa dəvət olunduğum üçün turnirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Bu, Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnir deyil. Bu yarış artiq yeddinci dəfə keçirilir. Mənim fikrimcə, bu gözəl ənənədir.
Bu sözləri "Vüqar Həşimov Memorialı-2021"in mətbuat xidmətinə müsahibəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri, turnirin təşkilat komitəsinin üzvü Rəhman Hacıyev deyib.
Azərbaycanın irimiqyaslı turnirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu bildirən R.Hacıyev "Vüqar Həşimov Memorialı-2021"in yüksək səviyyədə təşkil edildiyini və belə turnirlərin sayının daha da çox olmasını arzuladığını qeyd edib.
Vüqar Həşimov haqqında xatirələrini bölüşən Rəhman Hacıyev onun təkcə şahmatın deyil, Azərbaycan idmanının ən parlaq nümayəndələrindən biri olduğunu vurğulayıb: “O, şahmatçı kimi çox istedadlı idi və mənim fikrimcə, son dövrlərin ən güclü zəka sahiblərindən hesab olunurdu. Bu, təkcə mənim fikrim deyil, onun həmkarları, dostları, bu gün turnirdə iştirak edən qrossmeysterlər də bunu dəfələrlə bildiriblər. Vüqarın şahmatçılar arasında çox böyük hörməti var idi. Bu, ilk növbədə, onun şəxsi keyfiyyətlərindən irəli gəlirdi. Çünki o, peşəkar olması ilə yanaşı, həm də gözəl insan, şəxsiyyət idi”.
Vüqar Həşimovla dostluq münasibətlərinin olduğunu deyən R.Hacıyev Vüqar Həşimovun onun yaddaşında mübariz bir insan kimi qaldığını deyib: “Mənim yaddaşımda o, mübariz insan kimi qalıb. Buna görə də, çox şadam ki, onun xatirəsinə həsr olunmuş turnir keçilir. Bu turnir bir tarix kimi əbədi yaddaşlarda qalacaq. Çox istərdim ki, bu turnir həmişə təşkil olunsun. Bu turnirin təkcə Bakıda deyil, həmçinin Azərbaycanın digər bölgələrində, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilməsini çox istərdim”.