İQTİSADİYYAT
“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik təqdim olunub
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmovun və Mərkəzi Bankın əməkdaşı Xəyaləddin Tağıyevin həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və tədris proqramının təqdimatı keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, AzTU-nun rektoru Vilayət Vəliyev dərsliyin “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq nəşr edildiyini deyib. Rektor qeyd edib ki, dərsliyin ali təhsil məktəblərində qeyri-iqtisadi profil ixtisaslar üzrə tədris prosesində istifadə olunması ilə bağlı təhsil nazirinin müavini Firudin Qurbanov universitet rəhbərlərinə məktub göndərib. Dərslikdə rəqəmsal ödənişlər və onların xüsusiyyətləri, iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə baxış, ödəniş ekosistemi üzrə “hörümçək toru” prinsipi haqqında ətraflı məlumat verilib. Həmçinin rəqəmsal ödəniş ekosistemi üzrə normativ hüquqi baza və onun təkmilləşdirilməsi istiqamətləri, Milli Ödəniş Sistemi infrastrukturu və onun komponentləri, pulköçürmə əməliyyatları, ödəniş alətlərinin qabaqcıl beynəlxalq təcrübə əsasında bölgüsü də nəşrdə əksini tapıb. Bundan başqa, kitabda elektron bankçılıq xidmətləri və bu sahədə risklər, rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarının növü barədə də ətraflı qeyd olunub.
Kitabın həmmüəllifləri X.Tağıyev və T.Rüstəmov nəşrin ərsəyə gəlməsində dəstək olan qurumlara təşəkkür ediblər. Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova, Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən Arzu Hüseynova, ABA-nın icraçı direktoru Yunus Abdulov, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva dərsliyin həm universitet tələbələri, həm də rəqəmsal savadlılığını artırmaq istəyən istənilən şəxs üçün səmərəli olacağını qeyd ediblər.
Dərslik rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi, eyni zamanda, maliyyə sahəsində çalışan mütəxəssislərin ixtisaslaşması baxımından da faydalı vəsait hesab olunur.