CƏMİYYƏT
Rəşad Mahmudov: Gənclərimiz bu günün qəhrəmanlıq nümunəsidir
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan gəncliyi inkişafda olan ölkəmizin gələcək qarantıdır. Gələcək həyatımız onlarla bağlıdır. Müstəqil dövlətimizin nümunəvi vətəndaşları olan gənclərimiz Vətənə bağlılıq, intellektual düşüncə, cəsarətlilik və xalqa sədaqətlə xidmət etmək kimi unikal keyfiyyətləri ulu öndər Heydər Əliyevdən öyrənərək bu gün həyatın bütün sahələrində layiqli fəaliyyət göstərirlər. Onların yüksək təhsil almaları, dünyagörüşlərinin formalaşması dahi şəxsiyyətin uzaqgörən, düşünülmüş müdrik strategiyasının məntiqi nəticəsi kimi bu gün Azərbaycanda sağlam, işıqlı bir gənclər ordusu yaranıb və həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tanınmış həkim Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, zaman sürətlə ötsə də, biz hələ də Ümummilli Liderin yürütdüyü misli-bərabəri olmayan siyasətin dövlətə və xalqa verdiyi töhfələrin şahidi oluruq.
Müstəqil Azərbaycanın gənclər siyasətinin institutlaşdırılmasının əsası da Ulu Öndərimizin 1994-cü il iyulun 26-da imzaladığı Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması ilə qoyulub. Nazirlik səmərəli fəaliyyəti ilə gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edib. Bu yöndə növbəti addım dahi şəxsiyyətin 1997-ci ildə imzaladığı müvafiq Fərmana əsasən hər il fevralın 2-də Azərbaycan Gəncləri Gününün qeyd edilməsi ilə atılıb. Bundan əlavə Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra, 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il fevralın 2-də gerçəkləşən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Forumlarda Ümummilli Liderin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, üzləşilən problemlərin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. Belə ki, Ulu Öndərin 1996-cı il 22 iyun tarixli Fərmanına əsasən elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və ora adları yazılan gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis olunub. Ulu öndər Heydər Əliyevin gənclərə olan diqqəti hər zaman onun fikirlərində öz əksini tapıb.
Azərbaycanda gəncliyə etimadın və xüsusi qayğının bu gün də prioritet istiqamət olduğunu vurğulayan deputat deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə bu istiqamətdə uğurlu fəaliyyətin daim şahidi oluruq. Dövlətimizin başçısı tərəfindən ötən müddət ərzində “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi bir sıra mühüm sənədlər qəbul olunub. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi, eləcə də mədəni həyatında fəallığının daha da yüksəlməsində mühüm rol oynayıb.
Dövlətimizin başçısı çıxışlarında hər zaman gəncliyə arxalandığını, etimad bəslədiyini vurğulayıb. Azərbaycan Prezidenti gənclərə xitabən “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, – deyib. .
Prezident İlham Əliyevin gənclərə verdiyi dəyərin ən bariz nümunələrindən biri də onun 2013-cü il iyulun 2-də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsidir. Mükafat elm, təhsil, mədəniyyət, incəsənət və bu kimi sahələrdə fəaliyyət göstərən, xüsusi fərqlənən 10 gəncə ildə bir dəfə 10 min manat məbləğində verilir”.
“Bundan əlavə yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, qabiliyyətlərinin və bacarıqlarının nümayiş etdirilməsinin gerçəkləşdirilməsi gənclər siyasətinin vəzifələrində öz əksini tapan öhdəliklərdəndir. Bundan başqa gənclərimizin fəallığının artırılması istiqamətində Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə təxminən 20 min gənc indiyədək könüllü olaraq çalışıb və hazırda onlar ayrı-ayrı təşkilatlarda, dövlət və özəl sektorlarda müxtəlif vəzifələrdə xalqımıza ləyaqətlə xidmət edirlər.
Dövlətimizin apardığı uğurlu gənclər siyasətinin uğurlu nəticəsi İkinci Qarabağ savaşında da özünü aydın göstərdi. Gənclərimiz Vətənə bağlılığı, torpağı necə qorumağı və sevməyi hərb meydanında qəhrəmanlıqla, cəsurluqla ifadə etdilər”, - deyə Rəşad Mahmudov bildirib.
Sonda deputat qeyd edib: “Döyüşlərdə ordumuzun gücü qarşısında uğursuzluğa düçar olan, qaçaraq fərarilik edən düşmən əsgərinə xarici jurnalistin “niyə məğlub oldunuz?” - sualının cavabı dünya ictimaiyyətində şok effekti yaratdı: “Güllə atırıq, əlini, ayağını itirir, yaralanır, amma qorxmur, qan içində qalxır və heç nə olmayıbmış kimi üstümüzə gəlir. Belə əsgərə qalib gəlmək olar? Şübhəsiz ki, yox!”
Budur, Vətəninə, halal torpağına bağlı Azərbaycan gənci! Biz gənclərimizlə fəxr edirik. Ali Baş Komandanın rəhbərliyi ilə düşməni 44 gün ərzində məhv edərək bizə Zəfər yaşadan və bir haqsızla mübarizədə haqqımızı alıb bizə qaytaran gənclərimizin qəhrəmanlığı haqqında hələ çox danışılacaq, çox yazılacaq. Müasir Azərbaycan gəncliyi sözün bütün mənasında alqışa layiqdir”.