CƏMİYYƏT
Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. İclasda Şuranın ilin birinci yarısında gördüyü işlər, İdarə Heyətinə yeni üzvlərin seçilməsi kimi məsələlərə baxılıb.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, AMEA nəzdində RSXM-in baş direktoru, akademiyanın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəzdə gənclərdən ibarət kadr potensialının artdığını bildirərək onlara öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün yaradılan şəraitdən danışıb. Baş direktor şura üzvlərinə elmi və ictimai fəaliyyətlərində aktiv olmağı tövsiyə edib. Müzakirələr zamanı RSXM-in əməkdaşları - Aynur Əliyeva və Xədicə Əliyeva Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin yeni üzvləri seçiliblər.
Daha sonra Şuranın İdarə Heyətinin üzvlərinin iclası olub. İclasda Afaq Ağazadə RSXM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Azər İsgəndərov Şura sədrinin müavini, Lalə Piriyeva isə katibi seçilib.